“Erməni yalanları avropalılar üçün endorfindir” | Mübariz Əhmədoğlu

   “Erməni yalanları avropalılar üçün endorfindir”    | Mübariz Əhmədoğlu
  03 May 2024    Oxunub:2341
Ermənilərin ən böyük problemləri uydurma mifləridir. Rəsmi məlumatlara görə, Ermənistandakı ermənilərin əksəriyyətini Çar Rusiyası Osmanlı imperiyasından gətirib. Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər isə indiki İran İslam Respublikasının ərazisindən köçürülüblər.
Rusiya-İran müharibəsi zamanı Azərbaycan iki yerə bölünüb. Rusiya İranın tərkibində qalan Azərbaycan ərazilərindəki erməniləri özünün tərkibinə qatdığı Azərbaycan torpaqlarına gətirib. Bunu təsdiqləyən arxiv mənbələri var. Rusiya Qarabağa təkcə erməniləri deyil, bir qisim yunanları da köçürdüb. Avropa tədqiqatçıları nədənsə belə məsələlərə o qədər də fikir vermirlər. İndi alternativ fikir yayılır. Belələri də var:



Ermənilərin uydurma tarixinin kökü onların müxtəlif saray çəkişmələri və sonra da geosiyasi oyunlarda iştirakına gedib çıxır. Osmanlının tərkibində dinini dəyişməyən yeganə millət ermənilər olub. Yunanlar, bolqarlar və digər millətlər ya dinlərini dəyişiblər, ya da din vergisi ödəyiblər. Ermənilər Osmanlı ordusunun Avropadakı casusu işləyiblər. Osmanlı ordusu hansısa əraziyə getməmişdən əvvəl o ərazilərə erməniləri göndərirmişlər. Ermənilər də bütün məlumatları toplayıb, ötürürmüş.

Ermənilər Rusiya ilə bağlı uydurduqları yalanlarla böyük bir qrup rus və sovet dövlət adamını öz tərəflərinə çəkərək, Azərbaycan torpaqlarını işğal edə bilmişdilər. Nəhayət, Rusiya rəhbərliyi tarixi həqiqətlə tanış olduqca və gedən geosiyasi proseslərin nəticəsində Azərbaycan üstünlüyü ələ aldı. Azərbaycanın prezidentləri - Ulu Öndər Heydər Əliyev və İlham Əliyevin reytinqi Rusiya üçün uzun müddət erməni rəhbərlərinin hamısından üstün olub. Bu, erməni miflərinin dağılmasında və həqiqətlərin yayılmasında həlledici rol oynadı.

Avropalıların ermənilərin sırıdığı yalanlara inanmaları Ermənistana ağır zərbə vuracaq. Ermənistan Avropanı aldadır. Bəlkə də Avropa özü arzulayır ki, ermənilər onlara yalan danışsınlar. Nikol Paşinyan bütün Avropa liderlərinin iştirakı ilə dəfələrlə bildirdi ki, Ermənistanın ərazisi 29800 kv.km-dir. Sonradan rəqəmi 29743 kv.km-ə qaldırdı.

Qarabağdan çıxan Rusiya sülhməramlılarının iki qrupu Ermənistan respublikasının ərazisinə gedərək, Gorus və Sisian rayonlarında dislokasiya olundu. Ermənistan bir dəfə də olsun buna etiraz etməyib, səs-küy qaldırmayıb. Ermənistanın Gürcüstanla sərhədini Rusiya qoruya bilər. Razılaşmalar buna imkan verir. Ermənistan 1992-ci ildə İran, Türkiyə ilə sərhədlərinə rus sərhədçilərini yalvara-yalvara gətirib. Ermənistan KTMT-yə Rusiyaya yalvara-yalvara üzv olub. İrəvan 1991-ci ildə hətta Azərbaycanı MDB -yə üzv olmağa qoymurdu.

Avropa Ermənistandan Azərbaycan və Türkiyə ilə bağlı yalan gözləyib, Ermənistan da avropalıları tanıdığı üçün yalanlar “icad” edir. Avropa “erməni yalanı” adlı endorfindən imtina etməlidir. Regional həqiqəti bilməlidir. Əks təqdirdə Qərbin Cənubu Qafqaz siyasəti ciddi itkiyə məruz qalacaq.

Rusiya indi də istəsə Ermənistanı öz tərkibinə sala bilər. Bir neçə dəfə bu mövzuda müzakirələr aparılıb. Nəzəri ideya belədir ki, Rusiyada yaşayan və sayca Ermənistan əhalisindən çox olan ermənilər Ermənistan ərazisinə gəlir, referendum keçirilir və Ermənistan Kalininqrad statusu ilə Rusiyanın tərkibinə daxil olur.

Qərb Ermənistanın yalnız Cənubi Qafqaz regionuna inteqrasiya istiqamətində olan addımlarına dəstək verməlidir. Başqa halda regionda böyük toqquşmalar ola bilər. Azərbaycanlılar Qafqaz və ətraf regionlarda sayca ikinci millətdirlər. Sayına görə azərbaycanlılar yalnız ruslardan geri qalırlar. Ayırıcı xətt yaratmaq əvəzinə Azərbaycanla birlikdə regional inteqrasiya istiqamətində olan siyasəti dəstəkləmək vacibdir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar İnstitutunun direktoru
AzVision.az


Teqlər: Erməni-yalanları  





Xəbər lenti